SİYASƏT


Deputat: Azərbaycan Qoşulmama Hərəkatının üzvləri arasında böyük hörmət və etimad qazanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan, müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Sülh və ədalət prinsiplərinin təbliği, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır və multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

T.Cəfərova fikirlərinin davamı olaraq bildirib ki, Qoşulmama Hərəkatının təməlində tarixi Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşuldu və qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. Təsadüfi deyildir ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər və Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən toplantısında mühüm məsələlərə toxunub. Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyi diqqətə çatdırılıb. Bütün dünya üçün başlıca təhdid olan pandemiyadan sonrakı dövrdə Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkili ilə bağlı təşəbbüslər irəli sürülüb.

“Prezident İlham Əliyevin çıxışında toxunduğu əsas məsələlərdən biri beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmalar, onların tətbiqinin dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərməsilə bağlı idi. Yüksək tribunadan bir daha dünya birliyinə çatdırıldı ki, Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilib. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozub”, - deyə T.Cəfərova diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, xüsusi olaraq qeyd edilib ki, hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

Amma münaqişənin artıq keçmişdə qaldığını vurğulayan T.Cəfərova bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

“Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, nə müharibə, nə də münaqişə olardı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.