SİYASƏT
Deputat: Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin rəmzlərindən biridir
Bakı, 13 aprel, AZƏRTAC
Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüzillik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu. Əlbəttə, ilk baxışda bu, keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də, əslində, yüzillik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı konseptual yanaşma, analiz–sintez və tarixi müqayisəli dərin analitik təhlil apararaq, mürəkkəb mərhələlərdən keçməklə ərazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etdi: “İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə olundu. Prezident İlham Əliyevin sovet dövrü tariximizə qısa ekskurs etməsi və bir daha Qorbaçov dönəmində, yəni, 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ-rəhbərliyindən istefa verməsindən sonra ermənilərin Qarabağ məsələsi gündəmə gətirmələrindən danışdı və Heydər Əliyevin vəzifədən getməsini ermənilərin fürsət bilmələri ilə əlaqələndirdi. Doğurdan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər. Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhv etmiş və Heydər Əliyev amilini düzgün qiymətləndirə bilməmişdilər”
Hikmət Babaoğlunun sözlərinə görə, tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi: “Ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi”.
Deputat, həmçinin bildirib: “Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin rəmzlərindən birinə çevrildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda, erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu”.