İQTİSADİYYAT
Deputat: İxrac imkanlarının genişləndirilməsində Sumqayıt Kimya Sənaye Parkının rolunun artacağı gözlənilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkı (SKSP) milli istehsalın və Azərbaycanın qeyri-neft ixracının formalaşmasında xüsusi paya malik olmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Təbii ki, perspektiv olaraq həm idxaldan asılılığın aradan qaldırılmasında, həm də ixrac imkanlarının genişləndirilməsində Sumqayıt Kimya Sənaye Parkının rolunun artacağı gözlənilir. Yeni müəssisələrin istifadəyə verilməsi və Peşə Təhsili Mərkəzinin açılışı ondan xəbər verir ki, SKSP innovativ məhsullarının istehsalını da həyata keçirəcək. Bu da qeyri-neft sektorunda müqayisəli məhsul istehsalının artması deməkdir. Bu, həmçinin yerli məhsulların bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırılmasına və valyutanın ölkədə qalmasına imkan verəcək”, - deyə deputat qeyd edib.
O bildirib ki, həm pandemiya, həm də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi Azərbaycan üçün prioritetdir. Pandemiya dövründə də iqtisadi siyasət və islahatlar davam etdirilir. Bu islahatların əsas hədəfi qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir. Bu baxımdan Azərbaycan postpandemiya dövründə iqtisadi aktivliyi qısa zamanda əldə edəcək.