SİYASƏT


Deputat: Moskva görüşündə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi

Deputat: Moskva görüşündə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi

Bakı, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin növbəti dəfə mötəbər platformada xüsusi qonaq qismində iştirak etməsi, Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılması ölkəmizin nüfuzunun göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsinin olduğunu qeyd edən K.Nurullayeva bunun ölkəmizin artan idxal-ixrac potensialının əyani təzahürü olduğunu söyləyib. Bildirilib ki, ölkəmizin dayanıqlı iqtisadiyyata malik olması, xaricdən hər hansı dəstəyə ehtiyacın olmaması bizə müstəqil xarici siyasət yürütməyə imkan verir.

“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi region dövlətlərinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə cəfəng fikirləri, o cümlədən Laçın yoluna dair absurd ittihamları diqqətdən qaçmadı. Paşinyanın bu cəhdi çox uğursuz alındı. Dövlətimizin başçısı yenə də Paşinyanın cavabını verərək, ona yerini göstərdi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir”, - deyə K.Nurullayeva bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də siyasi iradə nümayiş etdirərək qarşı tərəfə öz yerini göstərdi. Vurğuladı ki, Zəngəzur dəhlizi təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb və bu, bizim hüququmuzdur. “Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”, - deyən Azərbaycan Prezidenti həm də mövcud reallığı bu platformada bəyan etmiş oldu.

Diqqətə çatdırılıb ki, Rusiya Prezidenti Vladimir Putinin fikirləri isə bir daha Ermənistanın iddialarının əsassız və yersiz olduğunu təsdiqlədi. Belə ki, Rusiya Prezidentinin ərazi bütövlüyünün əsas, fundamental prinsip, digər məsələlərin isə ikinci dərəcəli olması ilə bağlı fikirləri Azərbaycanın haqlı mövqeyini təsdiqlədi və bu, Paşinyana növbəti zərbə oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.