SİYASƏT


Dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan ərazisinin 20 faizini işğal edərək 1 milyondan çox vətəndaşımızı öz doğma yurdundan didərgin salan faşist niyyətli ermənilər bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayaraq, hələ də işğalçı mövqeyində qalırlar. XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımı ermənilər üçün yetərli olmadı. “Dənizdən dənizə Ermənistan” kimi sarsaq xülya naminə insanlığa qarşı ən ağır cinayətlərə - dinc əhalinin kütləvi qırğınına əl atmaqdan çəkinməyən barbar ermənilər yeni qətliamlar törətməyə qərar verdilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə humanitar atəşkəs razılaşmasının tələblərini pozaraq dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir.

Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Ən acınacaqlısı isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalır. Oktyabrın 11-də gecə saatlarında Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə atılan qadağan olunmuş raket 3 yaşayış binasını yerlə-yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak oldu, 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralandı. Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı məntəqəni vurmaları onların xain planlarının bir hissəsi idi.

“Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımında təsdiqləyir. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin işğalçı dövlət tərəfindən yenidən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçmək deməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən həyata keçirilirsə, bu, bütün regionda sülh və sabitliyə ciddi təhlükədir”, - deyən deputat bildirib ki, düşmənin mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə hədəfə almasında məqsəd dinc sakinləri təşvişə salmaq idi. Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata, Azərbaycan xalqında, həmçinin Gəncə sakinlərində heç bir təşviş yarada bilmədi. Xalqımız, o cümlədən bütün gəncəlilər düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə davam edir, şanlı ordumuzun uğurlarından daha da ruhlanır. Əminik ki, Azərbaycan haqq mübarizəsində tezliklə qalib olacaq. Günahsız uşaqları hədəfə alan, evlərini yerlə-yeksan edən, dinc əhalini qətlə yetirən işğalçı Ermənistan layiq olduğu cavabı alacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağı altında qalan torpaqlarımızı azad edəcək, erməni təcavüzünə, amansızlığına son qoyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.