CƏMİYYƏT


Dini qurumların ianələrini bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul etmək mümkün olacaq

Bakı, 27 yanvar, AZƏRTAC

“Dini etiqad azadlığı haqqında” Qanunun 18-ci maddəsinə edilən əlavəyə görə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli yanvarın 27-də komitənin cari ilin yaz sessiyasında keçirilən ilk iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.

Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.