REGİONLAR
Dini radikalizmə qarşı mübarizədə maarifçilik ən səmərəli vasitədir
Oğuz, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dini radikalizmə qarşı mübarizədə maarifçilik çox yaxşı mübarizə üsuludur. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə də gənclərə aşılanması dini radikalizmin qarşısının alınmasında ən səmərəli vasitədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 13-14-də Oğuz şəhərində keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirədə səsləndirilib.
Din xadimlərinin, ictimaiyyət nümayəndələri və gənclərin iştirak etdiyi tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski cəmiyyətdə dini bilgilərin artırılması və dini radikalizmlə mübarizə metodlarının təhlili baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. “Radikal qruplar milli-mənəvi dəyərlərimizə zidd çıxışlar edir, gəncləri öz məkrli niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirlər. Bütün bunların kökündə dini bilgilərin aşağı olması dayanır. Məhz buna görə də Dövlət Komitəsi tərəfindən davamlı olaraq keçirilən bu kimi tədbirlər cəmiyyətdə sağlam dini maarifləndirmə işlərinin aparılması baxımından çox əhəmiyyətlidir”, - deyə icra hakimiyyətinin rəsmisi bildirib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud dövlət-din münasibətlərindən, dövlətin dini sahəyə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi və dini dəyərlərin təbliği və inkişafı istiqamətində görülən işlərdən ətraflı bəhs edib, müsəlman aləmini və bütün dünya ictimaiyyətini narahat edən dini radikalizm barədə danışıb. Vurğulanıb ki, İslam coğrafiyasında baş verən münaqişələrin əsasında məhz radikal dini ideyalar dayanır.
Müsəlman və radikal insanın xüsusiyyətlərindən bəhs edən S.Salahlı bildirib ki, həqiqi müsəlman təhsilli, elmli olan, böyüyə hörmət edib, kiçiyə mərhəmət göstərən, Vətənini sevən, eyni zamanda, ailəsinə, qadına, başqa dinlərin nümayəndələrinə hörmət edən şəxsdir. Komitə sədrinin birinci müavini, həmçinin milli və dini kimlik anlayışlarının oxşar və fərqli xüsusiyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, dini radikalizmə qarşı mübarizədə dini icmaların, din xadimlərinin üzərinə düşən vəzifələr barədə danışıb.
Şəki-Oğuz bölgəsi üzrə qazı Kamran Məmmədov çıxışında gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara Dövlət Komitəsinin nəşri olan dini ədəbiyyat paylanılıb.