CƏMİYYƏT


“Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, sentyabrın 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı idarə tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlərin miqyası daha da genişlənib. Növbəti belə tədbir Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Təhsil Şöbəsində keçirilib.

Tədbirdə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində digər icraçı qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, onun struktur qurumları ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, qarşıya qoyulmuş vəzifələrin həlli yolları müəyyənləşdirilib.

Görüşdə Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, “Diqqət, uşaqlar” aylığı çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktiki tədbirlərin daha da gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şagirdlərin və valideynlərin diqqətinə çatdırılması üçün yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş posterlər təhsil işçilərinə təqdim edilib. Yol hərəkəti qaydalarına əməl edilməsinin vacibliyi barədə təkcə şagirdləri deyil, onların valideynlərini də xəbərdar edən təbliğat və maarifləndirmə xarakterli posterlərin təhsil ocaqlarının inzibati binalarından asılması və belə nəşrlərdən gələcəkdə daha çox istifadəsi nəzərdə tutulub.

İşgüzar şəraitdə keçən görüşün sonunda Abşeron Rayon Təhsil Şöbəsinin müdiri N.Məmmədova təşkilatçılığa, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ümumtəhsil məktəblərində aparılan təbliğat xarakterli fəaliyyətinə görə Baş Dövlət Yol Polisi İdarəsinə minnətdarlığını bildirib. O, posterlərin təhsil müəssisələrinin diqqət cəlb edən guşələrindən asılmasının, şagird və valideynlərin bu tövsiyələrdən faydalanmasının təmin olunacağını qeyd edib.

Respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı oktyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.