CƏMİYYƏT
Doqquz ayda 94, 6 min manat məbləğində gecikdirilmiş sosial ödənişlərin işçilərə verilməsi təmin edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 min 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 93,3 faizi əmək haqlarından, 4,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad edilmələri barədə müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edilənlər yenidən əvvəlki işlərinə bərpa olunublar. Həmin tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə qanunvericilik əsasında izahatlar verilib.
Hesabat dövründə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Həmin məqsədlə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə məlumatlar verilib.