İQTİSADİYYAT


Doqquz ayda fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz təşkil edib

Bakı, 5 noyabr, AZƏRTAC

Cari ilin doqquz ayında fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz təşkil edib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azərsu” ASC-nin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin 9 ayında ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. “Azərsu” ASC-nin sədri ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb: “Cari ilin fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Bununla da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya, 11-də isə su şəbəkələrinin inşası başa çatıb”.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının müşahidə edildiyi 19 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 205 kilometrə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. İndiyədək 14 kəndə su verilib və 25 mindən çox sakininin içməli su problemi həllini tapıb. Bundan əlavə, dövlət başçısının “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi haqqında” Sərəncamına uyğun olaraq işlər davam etdirilib.

“Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 kilometr içməli su, 257 kilometr kanalizasiya xətləri çəkilib, 24 ədəd subartezian quyusu qazılıb. Fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz, Bakı şəhəri üzrə 81,5 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi isə 80,7 faizə yüksəlib.

Daha sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Plan-iqtisad şöbəsinin rəisi Elçin Camalov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Bildirib ki, bu ilin sonuna qədər kəndlərdə həyata keçirilən içməli su layihələri yekunlaşacaq. Gələn ilin əvvəlində isə bir sıra şəhərlərdə su və kanalizasiya layihələrinin icrası başa çatacaq. 2019-cu ildə Abşeron yarımadasında yeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət yetiriləcək.

Səhmdar Cəmiyyətin sədri Strateji Yol Xəritəsinə uyğun olaraq yeni regional sukanal idarələrinin yaradılması, iqtisadi səmərəliliyin artırılması, debitor borcların və enerji sərfiyyatının azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi, abonentlərə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.