ELM VƏ TƏHSİL
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən rektor Kamal Abdulla Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib. O deyib: “Bu gün üçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən 100 il keçir, amma bu bayraq elə vaxt olub səmada, elə vaxt olub ürəklərdə dalğalanıb. 1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə olaraq Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi. Ulu Öndərin bu addımı bütün Azərbaycana sirayət etdi və ölkəmiz üçrəngli bayrağını nəhayət ki, bütün hüdudlarımız boyu dalğalandıra bildi. Bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, bütün xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır”.
Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib, “Dalğa” rəqs ansamblının ifasında rəqslər nümayiş olunub.
“Sabah” qruplarının tələbələrinin hazırladığı tamaşa nümayiş olunub.
Tədbir “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.