REGİONLAR
Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramında gücləndirilmiş rejimdə işləyəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu, respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədini daşıyır.
Bununla bağlı imzalanmış əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunmasına, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, eləcə də ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirisinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.
Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə baytarlıq şəhadətnamələrinin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.