CƏMİYYƏT
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və ABŞ-ın “Abbott” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 30 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və ABŞ-ın tibbi avadanlıqlar istehsal edən “Abbott” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Anlaşma Memorandumu çərçivəsində tərəflər Azərbaycan tibb işçilərinin ürəyin struktur xəstəliklərinin müalicəsi üzrə ixtisaslarının artırılması məqsədilə birgə təşəbbüslərin və elmi-praktik layihələrin həyata keçirilməsinə dair razılığa gəliblər. Həmin təşəbbüslərə Mərkəzi Gömrük Hospitalının bazasında ürəyin struktur xəstəliklərinin müalicəsi sahəsində tibb işçilərinə müstəqil şəkildə təlimlər keçə biləcək mütəxəssislərin hazırlanması, beynəlxalq layihələrdə iştirak, beynəlxalq ekspertlərin və “Abbott” şirkətinin mütəxəssislərinin hospitalın təhsil proqramlarına cəlb edilməsi, klinik tədqiqatların təşkili və aparılmasında dəstək, elmi məqalələrin hazırlanması, metodiki vəsaitlərin nəşri ilə əlaqədar əməkdaşlıq və digər məsələlər daxildir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərliyi və “Abbott” şirkətinin nümayəndə heyəti arasında keçirilmiş görüşdə Azərbaycanda səhiyyə sahəsində digər mümkün birgə təşəbbüslərlə bağlı “Abbott” şirkətinin təklifləri – yoluxucu xəstəliklərin diaqnostikası və profilaktikası, qadın sağlamlığı, uşaq qidaları və xüsusi qidalanma, çarpayı yanında diaqnostika və molekulyar diaqnostika və s. müzakirə edilib.
İmzalanma mərasimində sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və ABŞ-ın “Abbott” şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə ürəyin struktur xəstəlikləri bölməsinin baş direktoru Şarbel Muavad imzalayıblar.
Rəsmi hissədən sonra “Abbott” şirkətinin mütəxəssisləri tərəfindən kardiocərrahlar, invaziv kardioloqlar və onların komandaları üçün iki hissədən ibarət master-klas keçirilib.
Birinci hissədə Beyrut Tibb Mərkəzinin Amerikan Universitetində Struktur ürək xəstəlikləri proqramının direktoru, Kardiologiya bölməsinin daxili xəstəliklər üzrə dosenti Fadi Savaya, ikinci hissədə isə “Abbott”un TAVI Terapiyanın inkişafı üzrə Regional Meneceri İsmail Evren Altuntop çıxış ediblər.