REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Ağstafada vətəndaşları qəbul edib VİDEO
Ağstafa, 2 mart, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, martın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda bölgədə yerləşən Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.