CƏMİYYƏT
Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlər təşkil edib
Bakı, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tələbə gənclər ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi məqsədilə DİA-nın həyətində müxtəlif ağac kolları və güllər əkib, yaşıllıqlara qulluq göstəriblər.
Sonra Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Breyn Rinq" bilik turniri keçirilib. Yarışda müxtəlif universitetlərdən 16 komandada 100-ə yaxın tələbə iştirak edib. Yarışın sonunda “UNEC” və “DİAspora” komandaları qalib gəlib və mükafatlandırılıb. DİA İntellektual Oyunlar Klubu və Bakı Politoloqlar Klubu da turnirdə iştirak edib.
Bununla yanaşı, DİA ART Klubun təşkilatçılığı ilə Ümummilli Liderin xatirəsinə həsr edilmiş milli kino, ədəbiyyat və mədəniyyət mövzularını əhatə edən “Bizim milli xəzinəmiz” adlı yarış da keçirilib. Yarışda tələbə gənclər maraqlı təqdimatlarla çıxış ediblər.