CƏMİYYƏT
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə Komitənin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.
Məcburi köçkünlərin problemləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, işəgötürmə və digər məsələlərlə əlaqəli olub.
Onlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri sosial siyasətin prioritet istiqaməti müəyyən edib. Birinci vitse-prezident Mehriban Əliyeva keçirdiyi ilk müşavirədə ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.
Komitə sədri görüşə gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.