CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Yaşıl Marafon” ağacəkmə kampaniyasında iştirak ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Bakının Xocasən qəsəbələrində keçirilən aksiyaya DMX-nin əməkdaşları da qoşulub. Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsi rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və əcnəbi tələbələrin də qatıldığı kampaniya zamanı Abşeron yarımadasının iqliminə uyğun iki mindən çox müxtəlifcinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə bir milyona yaxın ağac əkiləcək.