REGİONLAR
Dövlət Sərhəd Xidmətinin rəisi Şəmkirdə vətəndaşları qəbul edib VİDEO
Şəmkir, 19 may, Famil Quliyev, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi–Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev mayın 19-da Şəmkir Sərhəd Dəstəsində Şəmkir, Samux, Qazax, Tovuz və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşların əsas müraciətləri DSX-də xidmətə qəbul, sərhədçilərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə DSX-nin müvafiq bölmələrinə tapşırıqlar verilib. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırmaq məqsədilə qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.