İQTİSADİYYAT
Dövlət Vergi Xidməti: 48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb
Bakı, 16 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı xidmətin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə daxil olan məlumat əsasında paytaxtın Sabunçu rayonu, Bakıxanov ŞTQ qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.
Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilib.
Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.
Dövlət Vergi Xidməti vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, əmək müqaviləsinin bağlanılmaması işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, həmçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin dövlət büdcəsindən gizlədilməsi hüquqi və cinayət məsuliyyətinə səbəb olur.