MƏDƏNİYYƏT
Dövlət bayrağı və Konstitusiya günləri qeyd edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyi və İctimai Nəzarət Koalisiyasının təşkilatçılığı ilə Dövlət bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər qoyulub.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb.
İctimai Birliyin sədr müavini Rasim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilərək 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Sonra tədbir iştirakçılarının bir qrupu əlamətdar günlər münasibətilə Ağdamda yerləşən N saylı hərbi hissədə görüş keçirmək üçün yola düşüblər.