REGİONLAR
Dövlət bayrağımız qürur və inam yerimizdir
Balakən, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət bayrağı dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə noyabrın 7-də Balakəndə keçirilən bayram tədbirində səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən sərgi ilə tanış olublar.
Tədbirdə qeyd olunub ki, millətin azadlıq rəmzi, Vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli Azərbaycan bayrağının ilk dəfə səmada dalğalanmasından 98 il ötür. 1918-ci ilin noyabrında qəbul edilən üçrəngli dövlət bayrağımızdan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra - 1920-ci ilin aprelində imtina olunub. Yalnız 1990-cı ilin noyabrında üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra digər dövlət rəmzləri kimi, üçrəngli bayrağımız da bərpa olunub.
Sonra tədbir iştirakçıları Azərbaycan bayrağına həsr olunan filmə baxıblar.
Bayram tədbiri ədəbi-bədii kompozisiya ilə başa çatıb.