ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olunmaq istəyənlər sınaq imtahanları verəcəklər
Bakı, 6 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə sentyabrın 12-də və 22-də keçiriləcək. İmtahanlar saat 10:00-da başlanacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak üçün online qeydiyyat müvafiq olaraq sentyabrın 12-də və 22-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanlarında təkrar test tapşırıqlarından istifadə ediləcək.