SİYASƏT
Dövlət və din mövzusunda mühazirə
Bakı, 15 may (AZƏRTAC). Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsində mayın 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlamışdır.
AZƏRTAC xəbər verir ki, bu kurslarda nəzərdə tutulmuş mühazirələr çərçivəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev mayın 15-də dinləyicilər qarşısında çıxış etmişdir.
“Ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir din-dövlət münasibətlərinin formalaşdırılmasının banisi kimi” mövzusunda mühazirəsində dövlət müşaviri K.Abdullayev müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı söhbət açmışdır. Mühazirədə ulu öndər Heydər Əliyevin dövlətçilik məfkurəsində dini məsələnin rolu çoxsaylı faktlarla açıqlanmış, hazırkı mərhələdə dövlət-din münasibətlərinin sivil normalara uyğun tənzimlənməsində ölkədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilmişdir. Xüsusi vurğulanmışdır ki, Azərbaycan dövləti dindarların mənəvi tələbatlarının ödənilməsi istiqamətində əlindən gələni əsirgəmir, dini-mədəni irsin qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə vacib addımlar atır.
Dövlət müşaviri QMİ-nin din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kurslarının böyük əhəmiyyət kəsb etdiyini, bu kursların müdavimlərinin gələcək fəaliyyətləri ilə dini-mənəvi sahədə daha çox uğur qazanacaqlarına əmin olduğunu bildirmişdir.
Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilmişdir. K.Abdullayev din xadimlərini maraqlandıran suallara aydınlıq gətirərək öz tövsiyələrini çatdırmışdır. Dini təhsil, dini məzmunlu ədəbiyyat, məscidlərdə kitabxanaların təşkili və s. ilə bağlı məqamlara toxunan dövlət müşaviri din xadimlərini ictimai həyatda və dini-mənəvi dəyərlərin təbliği sahəsində fəal olmağa, dini maarifləndirmə işində KİV-in imkanlarından daha geniş yararlanmağa çağırmışdır.