REGİONLAR
Dövlətin tütünçülüyə dəstəyi fermerlərin bu sahəyə marağını artırıb
Şəki, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafına dövlət tərəfindən diqqətin artırılması, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi torpaq mülkiyyətçilərinin bu gəlirli sahəyə marağını xeyli artırıb. Şəki rayonunun Baş Göynük kənd sakini Mehman Mustafayev uzun illər tütünçülüklə məşğul olub. Tütünçülük tənəzzülə uğradıqdan sonra bir müddət təsərrüfatın digər sahələrinə üz tutan fermer dövlətin tütünçülüyə dəstəyindən ruhlanaraq yenidən tütün əkib-becərməyə maraq göstərib, ailə təsərrüfatı yaradıb.
Şəkili fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ötən təsərrüfat ilində əldə edilən uğurlardan söz açıb. Tütünçülüyün çox gəlirli sahə olduğunu bildirən Mehman Mustafayev deyib: “Uzun fasilədən sonra beş ildir ki, yenidən ailəliklə tütünçülüklə məşğul oluruq. 2016-cı ildə 7 hektar sahədə “Virciniya botaniki” növlü tütün yetişdirdik, 84 ton yaşıl tütün kütləsi əldə etdik. Əkin sahələrini ildən-ilə genişləndirərək 2020-ci ildə 20 hektara çatdırdıq. Ötən təsərrüfat ilində 353 ton yaşıl kütlə, eyni zamanda, 20 ton quru tütün istehsal etdik. Tütünün alış qiyməti də bizi qane edir, qazancımız yaxşıdır. Dövlətimiz hər zaman fermerin yanındadır, qayğını daim hiss edirik. Tütünün satışından əldə etdiyim gəlirdən əlavə, 2,5 min manat subsidiya da almışam. Ötən il təsərrüfatımızda 15 nəfər mövsümi işlərə cəlb olunub, ailələri üçün qazanc əldə ediblər. İşlərimiz qaydasında gedərsə, bu il işçilərin sayını daha da artırmağı düşünürəm”.
Şəkili fermer cari təsərrüfat ilində də 20 hektar sahədə tütün əkməyi planlaşdırır. Hazırda tütün əkininə hazırlıq işləri görülür, sahələr şumlanıb, hamarlanıb. Fermer builki mövsümdə 350 tondan çox yaşıl tütün kütləsi tədarük etməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Mehman Mustafayev iki il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.