REGİONLAR


Dünya Kuboku yarışlarının Qəbələ mərhələsində  almaniyalı atıcı qızıl medal qazanıb VİDEO

Qəbələ, 10 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 10-da Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha iki növü üzrə yarışlar keçirilib. Kişilər arasında tapançadan 25 metr məsafədə yerləşən hədəfə sürətli atəş açmaq yarışında Almaniya atıcısı Kristian Reits qızıl, Fransa idmançısı Klement Bessaquet gümüş, Rikardo Mazzetti bürünc medal qazanıb.

Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.

Həmçinin kişilər arasında 50 metr məsafəyə tüfəngdən atəş açma yarışları da keçirilib. Bu yarışda 57 güllə atıcısı iştirak edib və 6 nəfər finala çıxıb. Qaliblər iyunun 11-də məlum olacaq.

Qeyd edək ki, 30 idmançı ilə yarışlara qatılan Çin komandası 5 medalla 45 ölkə arasında birinci yerdədir. İyunun 14-dək davam edəcək yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparır. Artıq 5 dəst medal sahibinə təqdim edilib. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanı yarışda 10 idmançı təmsil edir.

Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.