İDMAN
Dünya çempionatının gümüş medalçısı: Hədəfim dünya çempionu olmaqdır
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Tokioda start götürəcək Karate 1 Premyer Liqasına hazırlığımız yüksək səviyyədə davam edir. Bu nüfuzlu yarış “Tokio-2020”yə lisenziya xalı verdiyindən medallar uğrunda rəqabət daha da gərginləşəcək. Premyer Liqada uğurla çıxış etməyi qarşıya məqsəd qoymuşuq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində karate üzrə dünya çempionatının gümüş mükafatçısı Ayxan Mamayev (-84 kq) deyib.
İdmançı ötən ay “Tokio-2020”yə lisenziya xarakterli daha bir yarışa qatılsa da, orada imkanlarından aşağı səviyyədə çıxış etdiyini vurğulayıb: “Berlin Premyer Liqasında çıxışım uğurlu alınmadı. İlk görüşdə məğlub olduğum hollandiyalı idmançıya 2012-ci ildə dünya çempionatında qalib gəlmişdim. Berlin turnirində buraxdığım səhvlər üzərində məşqçilərimin köməyi ilə işləyirəm. Tokio sınağından uğurla çıxmaq üçün məşqlərdə bütün qüvvəmi sərf edirəm”.
Ayxan Tokioda keçiriləcək Karate 1 Premyer Liqasından sonra bu ilin ən mühüm yarışı olan dünya çempionatında iştirak edəcəyini bildirib: “Tokio Premyer Liqa turnirindən sonra Madriddə dünya çempionatı start götürür. Karate üzrə son dünya çempionatında gümüş medal qazanmışam. Bu yarışda hədəfim dünya çempionu olmaqdır”.
Ayxan Mamayev Avropa çempionatının qalibi, iki dəfə gümüş və bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının üçqat qalibidir.
Qeyd edək ki, Tokioda Karate 1 Premyer Liqa turniri oktyabrın 12-dən 14-dək, Madriddə dünya çempionatı isə noyabrın 5-dən 11-dək keçiriləcək.