REGİONLAR
“Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı dərs vəsaiti kimi istifadə olunacaq
Naxçıvan, 24 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin bu il nəşr olunan “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabının “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasına dərs vəsaiti kimi tövsiyə edilməsi ilə bağlı “Naxçıvan” Universitetinin Elmi Şurasının iclası keçirilib.
Şura iclasında universitetin rektoru İsmayıl Əliyev çıxış edərək bildirib ki, müstəqillik illərində ali məktəblərdə tədrisi zəruri sayılan bir sıra ixtisasların dərindən öyrədilməsi bu gün qarşıda duran vəzifələrdəndir. Universitetimizdə dinşünaslıq ixtisasının açılması bu sahədə mütəxəssis hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, bunun üçün dərs vəsaitlərinə böyük ehtiyac var. AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı bu cəhətdən üstün məziyyətləri ilə diqqəti çəkir. Müəllifin uzunillik zəhməti əsasında ərsəyə gəlmiş kitab insan və onun yaradılışı, insan və cəmiyyət, insan və dünya, eyni zamanda, digər məsələlərə aydınlıq gətirmək baxımından faydalı vəsaitdir.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov qeyd edib ki, milli-mənəvi irsimizin, onun tərkib hissəsi kimi dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi rolu vardır. “Dinimiz milli sərvətimizdir”, – deyən ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində bu gün milli və dini dəyərlərimiz dövlətin himayəsi altında qorunur və daha da inkişaf etdirilir.
“Muxtar respublikamızda da dini dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və bərpa olunur”, - deyən Rəhman Məmmədov bildirib ki, bu sahədə təşkilati strukturun formalaşdırılması, din sahəsində təhsilli mütəxəssislərin hazırlanması diqqətdə saxlanılır. Bu məqsədlə 2015-2016-cı tədris ilindən “Naxçıvan” Universitetində dinşünaslıq ixtisası açılıb, ixtisas üçün ayrıca kitabxana yaradılıb. Kitabxananın zənginləşdirilməsi sahəsində müvafiq tədbirlər görülür.
Vurğulanıb ki, “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisasında tədris prosesində istifadə olunacaq dərslik və dərs vəsaitlərinin seçilməsi olduqca vacibdir. Tədris prosesində dinin düzgün təbliğinə xidmət edən kitabların istifadəsi təmin edilməlidir. Bəzi kitablar var ki, onlar dərs vəsaiti kimi tədris prosesində istifadə oluna bilər. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin 2016-cı ildə nəşr olunan “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı mənəviyyat mövzusundakı ədəbiyyatlar içərisində seçilir. Kitabda dünya-insan münasibətləri, insanın daxili aləmi, həyat və ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları haqqında dərin məzmunlu və real həyatı əks etdirən məlumatlar verilir. Qadir Qədirzadənin bu kitabı milli-mənəvi dəyərlərimizin təbliği, insan təfəkkürünün formalaşması, mənəviyyatının inkişafı baxımından dəyərlidir. Buna görə də kitabda qeyd olunan fikirlər təbliğ edilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri şura üzvlərinin diqqətinə çatdırıb ki, qeyd olunanlar nəzərə alınaraq AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Ali Məclisin Sədri tərəfindən “Naxçıvan” Universitetinin dinşünaslıq ixtisası üzrə dərs vəsaiti kimi tövsiyə olunur və bununla bağlı müvafiq qərar qəbul edilməsi üçün universitetin Elmi Şurasının müzakirəsinə təqdim edilir.
Kitabın yüksək məziyyətlərindən, elmi dəyərindən danışan Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev onun dinşünaslıq ixtisasında təhsil alan tələbələr, həmçinin geniş oxucu kütləsi üçün qiymətli bir vəsait olduğunu diqqətə çatdırıb.
Universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, Elmi Şuranın üzvü İbrahim Kazımbəyli, idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, Elmi Şuranın üzvü Elbrus İsayev “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabının dinşünaslıq ixtisasına dərs vəsaiti kimi tövsiyə edilməsini dəstəkləyiblər.
Elmi Şuranın iclasında iştirak edən kitabın müəllifi Qadir Qədirzadə çıxış edərək əməyinə verilən yüksək qiymət üçün minnətdarlığını bildirib.
Şurada müzakirə edilən məsələ ilə bağlı çıxışlar ümumiləşdirilərək, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabının elmi və metodik dəyəri nəzərə alınaraq kitabın dinşünaslıq ixtisasına dərs vəsaiti kimi təsdiq edilməsi qərara alınıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu