CƏMİYYƏT
Dünyada il ərzində orta hesabla 70-ə yaxın tropik siklon qeydə alınır
Bakı, 13 mart, AZƏRTAC
Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar. Bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər. Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
“Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. Hondurasda, Nikaraquada və Salvadorda 19 min nəfər bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı.
Smerçlərdən, yəni tornadolardan fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerçlərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerçlərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.
1989-cu ildə Banqladeşdə baş verən smerç hadisəsi şiddətliliyinə görə “Ginnessin rekordlar kitabı”na daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb.
Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornadoların yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur.
Coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil.
Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək. Belə ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Martın 14-də havanın temperaturu 5-8 dərəcə enəcək”, - deyə U.Tağıyeva diqqətə çatdırıb.