SİYASƏT
EKSPERTLƏRİN ARAŞDIRMALARI MÜZAKİRƏ EDİLMİŞDİR
Fevralın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mərkəzi Seçki Komissiyasının katibi Qabil Orucov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 91 saylı Xanlar-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin namizədliyi dairə seçki komissiyası tərəfindən qeydə alınmadığı üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmiş Məmmədov Nəsimi Əhməd oğlunun məsələsinin ekspertlər tərəfindən araşdırılma nəticələri barədə məlumat vermişdir. Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər haqqında Qanunun 43.14.-cü maddəsini əsas tutaraq dairə seçki komissiyasının N.Ə.Məmmədovun namizədliyini qeydə almamaq barədə qərarını qüvvədə saxlamışdır.
Komissiyanın katibi Qabil Orucov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 14 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi dairə seçki komissiyasında qeydə alınmamış Abdullayeva Fəridə İzzət qızının Mərkəzi Seçki Komissiyasına müraciəti ilə əlaqədar olaraq ekspert araşdırmalarının nəticələri barədə məlumat vermişdir. Komissiya Milli Məclisə seçkilər haqqında Qanunun 43.14.-cü maddəsinin tələblərini əsas tutaraq dairə seçki komissiyasının qərarını qüvvədə saxlamışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.