SİYASƏT
EKSPERTLƏR XƏZƏRİN HÜQUQİ STATUSUNA DAİR KONVENSİYANIN LAYİHƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
Toplantıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın layihəsi müzakirə olunmuşdur. Tədbir, əsasən, sahilyanı ölkələrin xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyır.
Xarici işlər naziri Vilayət Quliyev iclası açaraq, Azərbaycanın tezliklə Xəzərin statusunun müəyyənləşdirilməsini istədiyini vurğulamış, tərəflərin bu dəfə konkret qərar çıxaracaqlarına ümidvar olduğunu bildirmişdir.
Tərəflər, əsasən, konvensiya layihəsində razılaşdırılmamış məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir ki, layihədə mümkün qədər çox müddəaların öz əksini tapmasına çalışırıq. Beş sahilyanı ölkə orta xətt prinsipi üzərində dayansa da, bunun koordinatlarının müəyyənləşdirilməsi və tətbiqinə dair müzakirələr hələ yekunlaşmayıbdır.
İclas martın 17-də başa çatacaq, tərəflər danışıqların yekununa dair protokol imzalayacaqlar.