SİYASƏT
ELİZABET CONS: ABŞ QAFQAZ VƏ MƏRKƏZİ ASİYANIN SABİT VƏ İNKİŞAF ETMİŞ REGİON OLMASINI TƏMİN ETMƏLİDİR
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Cons xarici siyasətdə sanksiya tətbiqinin əleyhinədir. O, bunu ABŞ-ın Montana Universitetində Qafqaz və Mərkəzi Asiya regionunun coğrafi-strateji əhəmiyyətinə həsr edilmiş konfrasdakı çıxışında bəyan etmişdir. Onun fikrincə, regionda problemlər olsa da, ABŞ bunlara arxa çevirməməlidir. Əslində, sanksiya tədbiq etməklə Amerika öz siyasətində riskə yol verə bilər. Elizabet Cons “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş üzündən Azərbaycan hökuməti ilə illərlə əməkdaşlığın mümkün olmadığını buna misal gətirmişdir. Prezident Corc Buş 2002-ci ildə onun qüvvəsini dayandırdıqdan sonra iki ölkə arasında sərhəd təhlükəsizliyi, kəşfiyyat və hüquq-mühafizə sahəsində əlaqələr inkişaf etmişdir.
Xanım Cons vurğulamışdır ki, Birləşmiş Ştatlar Qafqaz və Mərkəzi Asiyanın sabit və inkişaf etmiş region olmasını təmin etməlidir. Bu mühüm regionda sabitlik və rifah amerikalılar üçün daha təhlükəsiz dünya, oranın əhalisi üçün isə daha tərəqqili gələcək deməkdir. Sovet İttifaqı Qafqaz və Mərkəzi Asiyanı demokratiya və bazar iqtisadiyyatının müsbət təsirindən təcrid etmişdi. Birləşimş Ştatlar isə regionun inkişafı üçün oradakı hər bir dövlətlə ayrıca intensiv dialoqa hazırdır.
Elizabet Cons konfrans iştirakçılarına Amerikanın bölgə dövlətləri ilə bir sıra sahələrdə, o cümlədən siyasi və iqtisadi islahatların aparılması, insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması, təhlükəsizliyin təmini və antiterror müharibəsində əməkdaşlığı haqqında da məlumat vermişdir. O, enerji məsələlərindən danışarkən demişdir ki, Xəzər hövzəsinin bir neçə ölkəsi zəngin neft və qaz mənbələrinə malikdir. Təbii ehtiyatların dünya bazarlarına nəqli region dövlətləri üçün siyasi müstəqilliyi və iqtisadi səmərəliliyi möhkəmləndirməkdə mühüm rol oynayır. Bu səbəbdən ABŞ Şərq-Qərb dəhlizinin inkişafına, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və ona paralel olaraq inşa ediləcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə qəti siyasi dəstək vermişdir. Xəzərin enerji layihələri hövzə dövlətlərini möhkəmləndirəcək, regional inteqrasiyanı və enerji mənbələrinin müxtəlifliyini təmin etməklə qlobal enerji təhlükəsizliyinə töhfə verəcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton