İQTİSADİYYAT
ENERJİ TALANÇILARI VƏ ONLARIN ƏMƏLLƏRİNƏ GÖZ YUMANLAR CƏZALANDIRILACAQLAR
Təbii qaz, elektrik və istilik enerjisinin talanmasına, həmçinin belə halların qarşısının alınmasına görə cinayət məsuliyyətinin və inzibati məsuliyyətin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər 2007-ci il fevralın 6-da ölkəmizin Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minmişdir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Cinayət Məcəlləsinə əlavə olunmuş 189-1 maddəsinə görə, təbii qaz, elektrik və istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının talanmasına yol verən abonentlər inzibati cərimələrdən tutmuş azadlıqdan məhrumedilməyədək müxtəlif formada cəzalandırılacaqlar.
Həmin maddəyə görə, enerji təchizatı müəssisələrinin xidməti vəzifələrinə laqeyd münasibət bəsləyən, eləcə də xidməti mövqeyindən sui-istifadə edib tamah və ya sair şəxsi marağı üzündən belə əməllərin qarşısını almayan səlahiyyətli nümayəndələrinin də cinayət məsuliyyəti müəyyənləşdirilmişdir. Belə şəxsləri iri məbləğdə cərimələrlə yanaşı, iki ildən altı ilədək həbs cəzası da gözləyir.
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər isə təbii qazın, elektrik və istilik enerjisinin talanması nəticəsində dəyən az miqdarda, yəni şərti maliyyə vahidinin min mislinədək olan məbləğdə ziyana və ya bu resurslardan məişətdə istifadə qaydalarının pozulmasına görə cərimələrin tətbiqini nəzərdə tutur. Belə xətalara yol vermiş fiziki şəxslər şərti maliyyə vahidinin 30-40, vəzifəli şəxslər 70-90, hüquqi şəxslər isə 250-300 mislinədək cərimə olunacaqlar.