CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 187 akt və protokol tərtib olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə oktyabrın 1-dən 15-dək araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 187 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 40 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 50 iş üzrə 51 min 750 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 99802,24 manat məbləğində iddia qaldırılıb. Həmçinin ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 376 iş üzrə 47296,78 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 30, icra qurumlarına 16, məhkəmələrə isə 3 iş göndərilib.