“Ekspress-C” ASC-nin istiqrazlarının “Açılış zəngi” mərasimi keçirilib
AzerTAg.az

Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Bakı Fond Birjasında (BFB) “Ekspress-C” ASC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib. Açılış mərasimində emitent tərəfindən “Ekspress-C” ASC-nin təsisçisi İsmayılov Camaləddin, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev iştirak ediblər.
Eldar Abdullayev “Ekspress-C” ASC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Qeyd edək ki, “Ekspress-C” ASC-nin əsas fəaliyyət sahəsini metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalı tutur.
Xəbərin mətnində orfoqrafik səhv var