İQTİSADİYYAT
“Ekspress-C” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 22-də “Ekspress-C” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12,5 faiz, ticarətə buraxılma tarixi dekabrın 22-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, dekabrın 17-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Ekspress-C” ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.