SİYASƏT


Elman Nəsirov: Görünür, Konstantın Zatulin ermənipərəst qüvvələrin təzyiqi altında yenidən fəaliyyətini canlandırıb

Bakı, 9 oktyabr, Ayla Sadıq, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin yenə öz ampluasındadır. Qısamüddətli fasilədən sonra o, yenidən öz ağalarının, yiyələrinin, sahiblərinin diktəsi ilə Azərbaycan əleyhinə mövqe ifadə etməkdədir. Zatulindən başqa bir yanaşma gözləməyin mənası da yoxdur. Çünki hələ 1993-cü ildə ilk dəfə Rusiya Dövlət Dumasına deputat seçilərkən Konstantin Zatulinin seçki qələbəsini təmin edən Soçidəki erməni lobbisi və diasporu idi. Təbii ki, onlar bu dəstəyin əvəzi olaraq, “əl əli yuyar, əl də üzü yuyar” prinsipindən çıxış edilməsini bir tələb kimi Konstantin Zatulinin qarşısına qoyublar. Elə ona görə də Konstantin Zatulin dəfələrlə qanun pozuntusuna yol verərək qondarma Dağlıq Qarabağ rejimində səfərlərdə olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov söyləyib.

Elman Nəsirov deyib ki, Konstantin Zatulinin Ermənistan rəhbərliyi ilə çox sıx əlaqələrinin olması bəllidir. Vaxtilə Zatulin Ermənistan dövlətindən şərəf ordeni də alıb. “Sual yaranır ki, qısa fasilədən sonra Zatulinin yenidən bu qədər fəallaşmasının səbəbləri nə ilə bağlıdır. Bu onunla bağlıdır ki, erməni lobbisi, diasporu Zatulindən xeyli narazı qalıb. Ona göstərdikləri dəstəyin əvəzində Zatulinin fəaliyyəti və bir çox hallarda qısamüddətli fəaliyyətsizliyi onların narazılığına səbəb olub. Görünür Zatulin ermənipərəst qüvvələrin təzyiqi altında yenidən fəaliyyətini canlandırıb. Niyə ermənipərəst qüvvələr, erməni lobbisi və diasporu Zatulindən narazı qalıblar? Çünki onun əsas missiyalarından biri Azərbaycanın əleyhinə çıxışlar edərək Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq, Rusiya-Ermənistan əlaqələrini inkişaf etdirmək idi. Zatulinin məqsədlərindən biri də o idi ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləsin. Lakin Azərbaycan-Rusiya münasibətləri strateji əhəmiyyət kəsb etməklə daha da yüksəlməkdədir. Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində 16 strateji əhəmiyyətli sənəd imzalandı. Bu səfərdən qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəldi, yenidən çox mühüm görüşlər baş tutdu, razılaşmalar əldə edildi. Erməni mətbuatı məlumatlar yaymışdı ki, Azərbaycana səfərindən sonra Vladimir Putinin Ermənistana səfəri olacaq. Lakin bu səfər baş tutmadı”, -deyə E.Nəsirov qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, bu yaxınlarda Rusiya parlamentinin deputatları, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirildi. Konfransın adı isə çox sualın cavabını verir. Burada “yeganə” sözünün çox böyük mənası var. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazda Azərbaycandan başqa strateji müttəfiqi yoxdur. Deməli, Rusiya Ermənistanı özünün strateji müttəfiqi hesab etmir. Bütün bunları analiz etdikdən sonra Zatulini deputat edən ermənipərəst qüvvələr, erməni lobbisi və diasporu, necə deyərlər, Zatulinin yaxasından yapışaraq deyirlər ki, “sən nə ilə məşğulsan? Sənin fəaliyyətinin nəticəsi nədir? Budurmu sənin fəaliyyətin?”. Ona görə Zatulin bu təzyiqlər altında belə sərsəm bəyanatlar verir. “Hətta elə bir bəyanat verir ki, Azərbaycan Ermənistanla müharibəyə başlasa, bu, Azərbaycan dövlətinin süqutuna gətirib çıxaracaq. Mən hesab edirəm ki, rusiyalı deputatın bu qədər ağılsız, sərsəm bəyanat verməsi təəssüf doğurur. Xüsusilə vurğulayıram ki, rusiyalı deputatın bu yanaşması heç bir halda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Bizim münasibətlərimiz strateji xarakterlidir və inkişaf etməkdədir. Belə üzdəniraq deputatların üzdəniraq yanaşmaları heç bir halda bizim münasibətlərimizin yüksək səviyyəsinə xələl gətirə bilməz. Azərbaycan Rusiya ilə dost dövlətlərdir. Bizim dövlət rəhbərlərimiz səviyyəsində dostluq münasibətləri mövcuddur, ölkələrimizin mehriban qonşuluq əlaqələri var. Zatulin kimi üzdəniraq deputatların belə sərsəm bəyanatları heç bir halda öz məqsədlərinə çata bilməyəcək”, - deyə Milli Məclisin deputatı bildirib.

E.Nəsirov vurğulayıb ki, Rusiya Dövlət Dumasının rəhbərliyinin Zatulin kimi üzdəniraq deputatların belə bəyanatlarına reaksiya verməsini çox istərdik. Hesab edirəm ki, Zatulinin bu hərəkətlərinin mənasız olduğu, bizim münasibətlərin səviyyəsinə adekvat olmadığı ona başa salınmalıdır. İnanırıq ki, Zatulin kimi üzdəniraq siyasətçilərin belə davranışlarına və məsuliyyətsiz bəyanatlarına Rusiya Dövlət Duması rəhbərliyi səviyyəsində də müəyyən reaksiya olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.