ELM VƏ TƏHSİL
Elmin İnkişafı Fondu səkkizinci “Mobillik qrantı” müsabiqəsini elan edib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) səkkizinci “Mobillik qrantı” müsabiqəsini elan edib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə ölkədə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.
Müsabiqədə iştirak etmək üçün layihələr iyunun 16-dan iyulun 16-sı saat 17.00-dək qəbul olunur.
Müsabiqəyə yalnız bu il avqustun 15-dən dekabrın 15-dək xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.
Müsabiqənin nəticələrinin ekspertizanın bitmə tarixindən və nəticələrin təsdiqindən asılı olaraq cari ilin iyulunda açıqlanması planlaşdırılır.
EİF-in altıncı və yeddinci “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hal-hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri səkkizinci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər.
Bu müsabiqəyə layihələr yalnız EİF-in yaratdığı innovativ texnologiya olan “e-QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddətdə e-QRANT sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.