CƏMİYYƏT
“Enactus Azərbaycan yaz məktəbi” layihəsi reallaşıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun (AZGF) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Enactus Azərbaycan yaz məktəbi” layihəsi reallaşıb.
AZGF-dan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov və Enactus Azərbaycanın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadənin videoçıxışları təqdim olunub.
Tədbirin ilk günündə peşəkar təlimçilər tərəfindən “Data analitikası və biznes”, “Ünsiyyət bacarığı və uğur”, “Marketinq əsas dəyər yaratma aləti” mövzularında 3 təlim sessiyası, həmçinin müsabiqələr keçirilib.
İkinci günündə isə komandaların “Enactus onlayn sahibkarlıq müsabiqəsi” üçün hazırladığı layihə videoları təqdim olunub.
Sonra peşəkar təlimçilər tərəfindən “Biznes planın qurulması, biznes ideyalar”, “Biznes ideyalar və marketinq” və “Gənc olmaq şansdır” mövzularında 3 təlim sessiyası keçirilib. Sonda isə “Enactus onlayn sahibkarlıq” və “Sual-cavab” müsabiqələrində qalib gəlmiş komandalar elan olunub.