SİYASƏT
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun icmaları arasında dialoqa maneələr yaradır VİDEO
Vyana, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirib. Siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsinin iclasında ATƏT məkanında təhlükəsizliyin vəziyyəti, yeni təhlükələr və çağırışlar, terrorizmə qarşı mübarizə mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
İsveç təmsilçisi Marqareta Sederfeld məruzəsində münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin iştirakının və onlar arasında dialoq aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında isveçli məruzəçinin fikri ilə razı olduğunu bildirərək deyib: “Qeyd edim ki, biz hər zaman Dağlıq Qarabağ icmaları arasında dialoqun yaradılması məsələsini dəstəkləyirik. Halbuki Ermənistan nümayəndə heyəti təxribat xarakterli çıxışlarını davam etdirir. Halbuki Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun icmaları arasında dialoqa maneələr yaradır”.
İclasda Suriya böhranına toxunan Ermənistan nümayəndəsi Artaşes Qeqamyan Türkiyəni radikal və terrorçu qrupları dəstəkləməkdə ittiham edib. O, həmçinin Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlamasını tənqid edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Ermənistan nümayəndə heyətinin qəsdən və adəti üzrə təxribatçı çıxışlar etdiyini bildirərək deyib: “Əgər bizim türk həmkarlarımız burada olsaydılar onlar mütləq bunu qeyd edərdilər: Sərhəd məsələsi ilə bağlı spekulyasiya etmək yersizdir”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri əlavə edib ki, Türkiyə nümayəndə heyətinin iclasda iştirak etməməsindən yararlanaraq, bu ölkənin ünvanına ittihamlarla çıxış etmək düzgün deyil. ATƏT üzvü olan Türkiyənin birbaşa Suriya ilə sərhədləri var və bu qarşıdurmadan ən çox ziyan çəkən ölkə də Türkiyədir.
Türkiyənin qaçqınlar məsələsinə verdiyi töhfənin danılmaz olduğunu qeyd edən Bahar Muradova bu ölkənin özünün son vaxtlar birbaşa Suriya ərazisindən gələn terror qruplarının təhdidlərinə daha çox məruz qaldığını bildirib. Əlavə edib ki, buna görə də Türkiyəni terrorizmə dəstək verməkdə ittiham etmək absurddur.
Bahar Muradova vurğulayıb ki, terrorizmlə mübarizə mütəşəkkil şəkildə ikili standartlar olmadan və birmənalı qaydada bütün terror təşkilatlarına qarşı aparılmalıdır. Digər ölkələrlə müqayisədə terrorizmdən daha çox ziyan çəkən Türkiyənin terrorla mübarizəsinin əhəmiyyətini şübhə altına qoymaq olmaz: “Mən bütün həmkarlarımızı terrorizm mövzusunu öz şəxsi məqsədləri üçün istifadə etməkdən çəkinməyə, onunla mübarizə istiqamətindəki əməkdaşlığa daha çox töhfə verməyə çağırıram”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana