ORDU
Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 27-də axşam saatlarında Ermənistanın hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə boş sahəyə düşüb.
Əraziyə baxış keçirilərək “9M33M2” tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.