DÜNYA
FARS KÖRFƏZİNDƏ TUTULMUŞ BRİTANİYALI DƏNİZÇİLƏR KƏŞFİYYAT MƏLUMATI TOPLAYIRMIŞLAR
AZƏRTAC xəbər verir ki, İran hərbçilərinin Fars körfəzində tutduqları britaniyalı dənizçilərin komandiri Skay Nyus telekanalının müxbirinə müsahibəsində orada kəşfiyyat məlumatı topladıqları ilə məşğul olduqlarını etiraf etmişdir.
O, telekanalın saytında aprelin 5-də yerləşdirilmiş müsahibədə bildirmişdir ki, britaniyalı dənizçilər iranlılar tərəfindən tutulmazdan beş gün əvvəl “Kornuell” gəmisində işləyirdilər. O vaxt gəminin kapitanı Kris Eyr Skay Nyusun müxbirinə söyləmişdi ki, onlar Fars körfəzində nəinki qaçaqmal silahı daşıyan gəmilərdə axtarış aparır və balıq ovlayan traulerləri qoruyurdular, həm də İran haqqında kəşfiyyat məlumatı toplayırdıar. Eyr demişdi ki, onların gəmisi İranın ərazi sularına daxil olmurdu.
Skay Nyus həmin informasiyanı açıqlamaqdan çəkinmişdi, çünki ehtiyatlanırdı ki, bu, İranda əsir saxlanılan Britaniya dənizçilərinin vəziyyətini pisləşdirə bilər. İnformasiya yalnız bütün 15 dənizçi aprelin 5-də vətənə sağ-salamat qayıtdıqdan sonra açıqlanmışdır.
Xatırladaq ki, həmin dənizçilərin olduqları gəmini İranın keşikçi katerləri martın 23-də tutmuşdu.