CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 83 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 83 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 11 nəfər, o cümlədən paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd edən bir nəfər və “Goradil”, “Lənkəran” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib. Həmçinin Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında aşkarlanan naməlum kişi cəsədi kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.