CƏMİYYƏT
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
Bakı, 24 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (INSARAG) şəxsi heyətinin iştirakı ilə paytaxtın Türkan və Nardaran qəsəbələrinin ərazisində taktiki-xüsusi təlim keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin qurumlarının struktur bölmələrinin şəxsi heyətinin və texnikasının da cəlb olunduğu və iki gün davam edən təlimin qiymətləndirilməsini Türkiyə Respublikasından olan ekspertlər qrupu həyata keçirib.
“Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (INSARAG) təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimin məqsədi dəstənin şəxsi heyətinin INSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması olub. Bundan əlavə, dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da əsas məqsəd kimi qarşıya qoyulub.
Əvvəlcə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə nazirliyin Mülki Müdafiə Qoşunlarında təlimə hazırlıq məqsədilə toplantı keçirilib.
Tədbirdə Türkiyə Respublikası Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan və təlimin qiymətləndirmə qrupunun türkiyəli üzvləri də iştirak ediblər. Ə.Tezcan Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupun tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.
Təlimin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev bildirib ki, iki gün davam edən təlim gecə və gündüz saatlarında reallaşdırılacaq. Sonda şəxsi heyətə müvafiq tapşırıqlar verilib.
Türkiyəli ekspertlər təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi ilə bağlı tövsiyələrini bildiriblər.
Toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra təlimə start verilib. Türkan və Nardaran qəsəbələrinin ərazisində, müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı INSARAG-ın şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak məqsədilə göndərilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, dağıntılar altından zərərçəkənlərin xilas olunması üzrə tədbirlər həyata keçirilib. Eləcə də gecə və gündüz saatlarında beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində saxlanılıb.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. INSARAG-ın taktiki-xüsusi təlimi qiymətləndirmə qrupunun türkiyəli ekspertləri tərəfindən izlənilib.