CƏMİYYƏT
FHN-in Şimal Regional Mərkəzinin ərazisində meşə və digər sahələrdə 35 yanğın hadisəsi qeydə alınıb
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 28-də Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu və Şabran rayonunun Zöhrabkənd kəndləri yaxınlığında otlaq sahədə başlamış və küləyin təsirindən meşə ərazisinə (Altıağac dövlət təbiət qoruğunun ərazisi) keçmiş yanğınların yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb. Hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır. Mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
İyulun 28-dən 30-dək (saat 09:00-dək) Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarda) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində 1315 hektar ərazi (5 hektar meşə ərazisi, 1310 hektar digər ərazilər) yanıb.