CƏMİYYƏT
FHN pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbirləri davam etdirir
Bakı, 20 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MTK İstehsalat Kommersiya” MMC-nin Yevlax filialında pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qeyd olunan müəssisənin əməkdaşları iştirak ediblər.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı texnikalarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirdə, həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi də vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil olunmasının zəruriliyi də nəzərə çatdırılıb.
Sonda müəssisə əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.