İDMAN
FIDE Qran-Prisi: Teymur Rəcəbov Daniel Dubovla tay-brekdə görüşəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Hamburqda keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsi çərçivəsində şahmatçılar səkkizdəbir finalda mübarizə aparıblar. Şahmatçılardan fransalı Maksim Vaşe-Laqrav, bolqarıstanlı Veselin Topalov, rusiyalı Pyotr Svidler, Polşa təmsilçisi Yan-Kriştof Duda rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbovun rusiyalı Daniel Dubovla iki qarşılaşması da heç-heçə başa çatdığından idmançılar tay-brekdə görüşəcəklər. Turnirdə rusiyalı idmançılar Aleksandr Qrişuk polşalı Radoslav Voytaşek, Nikita Vityuqov çexiyalı David Navara, Dmitri Yakovenko çinli Yu Yanqi ilə tay-brekdə qarşılaşacaqlar.
FIDE Qran-Prisi dörd mərhələdən ibarətdir. Yarışın əvvəlki mərhələləri Riqa və Moskvada keçirilib.
Dekabrın 10-dan 24-dək Təl-Əvivdə Qran-Pri turnirinin dördüncü mərhələsi təşkil olunacaq.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.