DÜNYA
FRANSA TƏLƏBƏLƏRİNİN BAŞ ASSAMBLEYASI HÖKUMƏTİN MƏŞĞULLUQ SAHƏSİNDƏ FƏALİYYƏTİNƏ ETİRAZ EDİR
Martın 12-nə keçən gecə Puatye Universitetində təşkil olunmuş Baş Assambleyanın işində Fransanın hər ikinci ali məktəbinin 300-dən çox tələbəsi iştirak etmişdir. Onlar martın 14-də etiraz aksiyası, martın 16-da isə tələbələrin ümummilli nümayişini keçirməyi qərara almışlar. Bu zaman ölkənin bütün tələbələrinə ali məktəbləri, auditoriyaları blokadaya almağı tövsiyə edilmişdir.
Hüquq mühafizə orqanlarının hərbi bölmələri Parisdə tələbələrin ələ keçirdikləri məşhur Sorbon Universitetini martın 11-də hücumla aldıqdan sonra vəziyyət daha da gərginləşmişdir.
Yerli şərhçilər bildirirlər ki, hakimiyyət orqanları ilə tələbələr arasında 1968-ci ilin yazından bəri ilk dəfədir belə sərt münaqişə baş verir. İndiyədək Fransanın təxminən 20 universiteti və fakültəsi tələbələr tərəfindən blokadaya alınmışdır. Onların arasında Dijon, La-Roşel, Qrenobl, Lill, Monpelye, Nant, Brest, Kan, Tur, Ruan kimi iri şəhərlərin ali məktəbləri də var.