CƏMİYYƏT
Fəal yaşlanma layihəsi çərçivəsində yaşlılar üçün intellektual turnir keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün “Nə? Nə vaxt? Harada?” intellektual turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial siyasətində yaşlı nəslin rifah halının yaxşılaşdırılmasının, fəal və sağlam həyat tərzinin təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin də ölkəmizdə bu sahədə aparılan işlərə dəstək olduğunu bildirib.
A.Kərimov ötən dövrdə layihə çərçivəsində yaşlı insanların rifahının təşviqi, tənhalıq və sosial təcriddən uzaq olmaları, onların fəal həyat tərzi keçirmələri üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Həmçinin onların elektron xidmətlərə çıxış imkanlarına malik olmaları, rəqəmsal bacarıqlara yiyələnmələri üçün kursların təşkil edildiyini deyib. Xüsusilə COVID-19 pandemiyası zamanı layihə əsasında yaşlı insanların koronavirusdan qorunmaları üçün layihə üzrə aparılmış məlumatlandırmanın, sosial təcrid şəraitində yaşlıların asudə vaxtlarını səmərəli keçirmələri üçün onlayn müstəvidə aparılan işlərin əhəmiyyətini vurğulayıb: “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, yaşlılar bir sıra istiqamətlər üzrə - həm yaradıcılıq, həm də maarifləndirici, eyni zamanda, sağlamlıq sahəsində tədbirlərdə çox fəal şəkildə iştirak etsinlər. Bu, bir daha yaşlı əhaliyə göstərilən dövlət qayğısının, onlara layiqli həyat şəraitinin yaradılması, eyni zamanda, rifahının yaxşılaşdırılması üçün çox vacib bir layihədir. Yaşlılar çox böyük təcrübə və geniş biliyə malikdirlər. Düşünürük ki, cəmiyyət onlardan fəal şəkildə bəhrələnməlidir. Çox sevindirici haldır ki, layihə çərçivəsində 70-dən çox bilikli və təcrübəli yaşlı mütəxəssisin gənc nəsillərə təcrübə və biliyinin ötürülməsi üçün müxtəlif kurslar təşkil edilib. Layihənin nəticələri ürəkaçandır və bu, bizə onun davam etdirilməsi haqqında düşünməyə daha çox inam verir. Düşünürük ki, qısa zamanda bu istiqamətdə də müvafiq səylər göstəriləcək. Həmin layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunur. Ümid edirik ki, bu dəstək nəticəsində belə layihələr ölkəmizdə daha çox həyata keçiriləcək. Bu da öz növbəsində cəmiyyətin bütün təbəqələrinin fəal və aktiv şəkildə iştirakına zəmin yaradacaq. Əlbəttə ki, belə səylər sosial inklüzivlik, sosial inteqrasiya baxımından davam etdirilməlidir”.
Nazir müavini hazırda layihə çərçivəsində yaşlılar arasında təşkil edilən “Nə? Harada? Nə vaxt?” intellektual oyununun da yaşlı insanların fəal və sağlam həyat tərzi keçirmələrinə, asudə vaxtlarının mənalı təşkilinə töhfə vermək məqsədi daşıdığını qeyd edib.
O, çıxışının sonunda komandalara uğurlar arzulayıb.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev yaşlılar arasında bu cür intellektual oyunların keçirilməsinin hərtərəfli əhəmiyyətə malik olduğunu vurğulayıb. F.Babayev yaşlı insanların intellektual bacarıqlarını inkişaf etdirmələri üçün dəstək tədbirlərinin önəmini, emosional vəziyyətlərinin yüksək səviyyədə olmasının diqqətdə saxlanmasının vacibliyini qeyd edib. Bildirib ki, bu, xüsusilə pandemiya şəraitində daha vacibdir. Bu cür tədbirlər həm də yaşlıların öz həmyaşıdları ilə ünsiyyət imkanlarını artırmalarına və yeni tanışlıqlar yaratmasına kömək olur.
Sonra turnirə start verilib. Turnirdə hərəsi 6 nəfərdən ibarət olmaqla 10 komanda iştirak edib və qaliblərə mükafatlar təqdim edilib.