REGİONLAR
Fermer Ramazan Lekayev: Xaricdən gətirilmiş iribuynuzlu mal-qara ölkədə heyvanların cins tərkibini yaxşılaşdırır FOTO VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycana “Aqrolizinq” vasitəsilə gətirilən, təsərrüfatlarda bəslədiyimiz iribuynuzlu mal-qara ölkəmizdə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dəstək olur.
Bunu AZƏRTAC-a Xaçmaz rayonunun Sayad kəndində fəaliyyət göstərən fermer təsərrüfatının nümayəndəsi Ramazan Lekayev deyib.
O, sahibi olduğu təsərrüfatın heyvandarlıq üzrə ixtisaslaşdığını bildirib. “Təsərrüfatımızda ətlik-südlük istiqamətli İsveçrənin “Simmental” və Almaniyanın “Holşteyn-Friz” cins heyvanları bəslənilir. Bu heyvanları “Aqrolizinq” yolu ilə gətirmişik”, - deyə fermer əlavə edib.
Təsərrüfatda heyvanlardan sağılan süd gündəlik olaraq süd emalı zavodlarına təhvil verilir. Kökəltmə məqsədi ilə yetişdirilən danalar isə kəsim məntəqələrinə göndərilir, onların satışı bu məntəqələr vasitəsilə həyata keçirilir.
Bundan əlavə, ana heyvanlardan əldə olunmuş buzovlar əhaliyə satılır. Bu da ətraf rayon və kəndlərdə heyvanların cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir.