ELM VƏ TƏHSİL
Fəxrəddin Qədirov: Dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələblərə uyğun seçilməlidir
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri müzakirə olunub.
Fəxrəddin Qədirov bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 11, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 10 nəfər qəbul olunub. Alim vurğulayıb ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir. Akademik dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsini tövsiyə edib.
Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb. İclasda bir sıra cari məsələlərə də baxılıb.
Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş dissertantlar və onların elmi rəhbərləri iştirak ediblər.